ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı mümkün addımları müzakirə ediblər.
Xeberhub.com xəbər verir ki, "Reuters" agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, Donald Tramp və Benyamin Netanyahu çərşənbə axşamı keçirilən görüş zamanı İranla bağlı üç mümkün ssenarini nəzərdən keçiriblər.
Məlumata əsasən, Vaşinqtonun qiymətləndirdiyi variantlar arasında İranla razılığın əldə olunması, iqtisadi sanksiyaların və blokada tədbirlərinin davam etdirilməsi, eləcə də genişmiqyaslı hərbi əməliyyatlara başlanılması yer alıb.
Mənbələrin bildirdiyinə görə, Benyamin Netanyahu müzakirələr zamanı ABŞ prezidentinə bir neçə alternativ təklif təqdim edib. Lakin həmin variantların məzmunu ictimaiyyətə açıqlanmayıb. İsrail hökumətinin başçısı ölkəsinin bu məsələdə Vaşinqtonun verəcəyi yekun qərarı gözlədiyini də vurğulayıb.
"Reuters"in istinad etdiyi İsrailə yaxın mənbələrdən biri isə hazırkı vəziyyətdə Donald Trampın İranla bağlı prosesdə "baş tərəfdaş", Benyamin Netanyahunun isə "kiçik tərəfdaş" rolunda çıxış etdiyini iddia edib.