Xəbər
Yer kürəsində G1 səviyyəli maqnit qasırğası gözlənilirXeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, iyulun 22-də Yer kürəsində zəif səviyyəli maqnit qasırğasının baş verməsi proqnozlaşdırılır.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının alimləri bildiriblər ki, geomaqnit aktivliyin artması çərşənbə günü axşam saatlarında müşahidə olunacaq.
Mütəxəssislərin hesablamalarına əsasən, maqnit qasırğasının ən güclü mərhələsi Bakı vaxtı ilə saat 19:00 radələrinə təsadüf edəcək.
Qeyd olunur ki, maqnit qasırğaları G1-dən G5-ə qədər olan beşpilləli şkala üzrə qiymətləndirilir. Bu göstəricilər Yer kürəsinin geomaqnit sahəsində baş verən dəyişikliklərin səviyyəsini müəyyən edir.
G1 səviyyəli maqnit qasırğaları zəif hesab olunur və əsasən yüksək enliklərdə qütb parıltılarının yaranmasına, eləcə də enerji sistemlərində kiçik miqyaslı pozuntulara səbəb ola bilər.
Daha yüksək səviyyəli maqnit qasırğaları isə daha ciddi təsirlərlə müşayiət olunur. G2 səviyyəsi elektrik şəbəkələrində gərginlik dəyişiklikləri və peyklərin fəaliyyətinə təsir göstərə bilər. G3 səviyyəsində rabitə və naviqasiya sistemlərində problemlər yarana bilər. G4 və G5 səviyyəli güclü geomaqnit fırtınaları isə enerji infrastrukturu və kosmik sistemlər üçün daha ciddi risklər yaradır.