Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Silahlı Qüvvələrinin Rusiyanın müxtəlif bölgələrində, eləcə də Xəzər dənizi akvatoriyasında yerləşən bir sıra hədəflərə zərbələr endirdiyini açıqlayıb.
XeberHub.com xəbər verir ki, Zelenskinin "Telegram" kanalında yaydığı məlumata görə, Ukrayna uzaq məsafədən həyata keçirilən əməliyyatlar zamanı Xəzər dənizində yerləşən Rusiya gəmilərinə qarşı uğurlu zərbələr endirib.
Prezident bildirib ki, hədəflər arasında İrandan hərbi yüklərin daşınmasında istifadə edilən gəmilər, eləcə də bir hərbi gəmi olub.
Zelenskinin sözlərinə görə, iyulun 25-nə keçən gecə Ukrayna ordusu Rusiyanın müxtəlif regionlarında Ukraynaya qarşı müharibədə istifadə olunan hərbi və logistika obyektlərini də vurub.
O, Kirov şəhərində yerləşən və zərbə vasitələrinin komponentlərinin istehsalı ilə əlaqəli müəssisəyə hücum edildiyini təsdiqləyib. Zelenski qeyd edib ki, həmin obyekt Ukrayna sərhədindən təxminən 1200 kilometr məsafədə yerləşir.
Bundan başqa, Ukrayna tərəfi Tümendəki neft emalı zavoduna, Yekaterinburqdakı logistika mərkəzinə və Rostov vilayətində yerləşən yanacaq-sürtgü materialları anbarına da zərbələr endirildiyini açıqlayıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, pilotsuz uçuş aparatları Xəzər dənizi akvatoriyasında Filanovski neft yatağının platformasını, beynəlxalq sanksiyalar altında olan və İran-Rusiya arasında hərbi yüklərin daşınmasında istifadə edildiyi bildirilən "Port Olya 2" və "Begey" quru yük gəmilərini, həmçinin 12418 "Molniya" layihəli raket katerini hədəfə alıb.
Qurum həmçinin bəyan edib ki, Rusiyanın Ukraynanın cənubundakı limanlara endirdiyi hücumlara cavab veriləcək.
Bununla yanaşı, Ukrayna Təhlükəsizlik Xidməti iyulun 25-nə keçən gecə Rostov vilayətində də bir sıra hərbi obyektlərin vurulduğunu açıqlayıb. Bildirilib ki, hücum nəticəsində S-400 "Triumf" zenit-raket kompleksinin tərkib hissəsi olan 92N6E "Grave Stone" radiolokasiya stansiyası, "Tor-M2" zenit-raket kompleksi və "Pole-21" radioelektron mübarizə sistemi sıradan çıxarılıb. Həmçinin FPV tipli pilotsuz uçuş aparatlarının saxlanıldığı iki anbarın vurulduğu qeyd edilib.