Xeberhub.com xəbər verir ki, Oxu.az-ın Report-a istinadən yaydığı məlumata görə, Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi yaxınlığında baş verən yanğın mina və partlamamış hərbi sursatlarla çirklənmiş əraziyə keçib.
Məlumata əsasən, alovun yayılması nəticəsində təhlükəli ərazidə bir neçə mina partlayışı qeydə alınıb. Partlayışlar yanğınsöndürmə işlərinin təhlükəsiz şəkildə aparılmasını çətinləşdirir və əraziyə operativ müdaxiləni ləngidir.
Hadisənin baş verdiyi andan etibarən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar. Hazırda yanğının lokallaşdırılması və tam söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, yanğın Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndi yaxınlığındakı açıq sahədə başlayıb və daha sonra mina təhlükəsi olan əraziyə yayılıb.