AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, bu ilin ilk altı ayında Avropa İttifaqına üzv dövlətlərin Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü rekord həddə yüksəlib.
“Kpler”in hesabatına əsasən, yanvar–iyun aylarında Aİ ölkələri Rusiyanın Yamal LNG layihəsindən 136 partiya üzrə ümumilikdə 9,9 milyon ton LNG alıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 18 faiz çoxdur və indiyədək qeydə alınmış ən yüksək həcm hesab olunur.
Hesabata görə, Yamal LNG müəssisəsindən göndərilən yüklərin 97 faizdən çoxu Aİ limanlarına çatdırılıb. Rusiyadan ən çox LNG idxal edən ölkələr sırasında Fransa 3,6 milyon tonla ilk, Belçika 2,9 milyon tonla ikinci, İspaniya isə 2,7 milyon tonla üçüncü yerdə qərarlaşıb.
Hesablamalara görə, sözügedən dövrdə Avropa İttifaqının Yamal LNG layihəsindən həyata keçirdiyi alışların ümumi dəyəri təxminən 6 milyard avroya çatıb.
Qeyd edək ki, Avropa İttifaqının qəbul etdiyi qərara əsasən, Rusiyadan uzunmüddətli müqavilələr çərçivəsində LNG idxalı 2027-ci il yanvarın 1-dən dayandırılacaq. Boru kəmərləri vasitəsilə Rusiya qazının idxalına isə 2027-ci ilin sentyabr ayının sonunadək tamamilə son veriləcək.