Xeberhub.com Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, Azərbaycanda ali təhsil müəssisələrinin məzunlarına elektron diplomların verilməsinə başlanılıb.
Məlumata görə, proses "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə və Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qaydalara uyğun həyata keçirilir. Bu qaydalara əsasən, doktorantura istisna olmaqla, ali təhsilin bütün pillə və səviyyələrini başa vuran şəxslərə təhsil haqqında dövlət sənədi "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron formada təqdim edilir.
Qeyd olunub ki, ilk mərhələdə Bakı Dövlət Universitetinin məzunlarına elektron diplomların verilməsi başlanıb. Sənədlər yaxın günlərdə "mygov" rəqəmsal hökumət platformasında və Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində məzunlar üçün əlçatan olacaq.
Agentlik bildirib ki, hazırda digər ali təhsil müəssisələrinin məzunlarına da elektron diplomların təqdim edilməsi istiqamətində işlər davam etdirilir.