Xəbər
Xeberhub.com Bloomberg-ə istinadən xəbər verir ki, 2026-cı il futbol üzrə dünya çempionatı Meksikanın turizm sektoruna gözləniləndən daha böyük töhfə verib. Turnir müddətində ölkəyə təxminən 3 milyon xarici turist səfər edib.
Meksikanın Turizm Nazirliyinin açıqladığı məlumata görə, dünya çempionatının ümumilikdə 104 oyunundan 13-ü ölkədə təşkil olunub. İyunun 8-dən iyulun 12-dək Mexiko, Qvadalaxara və Monterrey şəhərlərinə ümumilikdə 7,5 milyon səfər qeydə alınıb.
Rəsmi statistikaya əsasən, bu səfərlərin təxminən 40 faizi xarici turistlərin, qalan hissəsi isə yerli ziyarətçilərin payına düşüb. Bu göstərici turnirdən əvvəl verilən proqnozları üstələyib. Belə ki, əvvəlcədən ölkəyə təxminən 5,5 milyon turistin gələcəyi gözlənilsə də, faktiki səfərlərin sayı daha yüksək olub.
Hökumətin hesablamalarına görə, dünya çempionatı dövründə turistlərin ümumi xərcləri 39,7 milyard peso, yəni təxminən 2,1 milyard ABŞ dolları təşkil edib.
Turizm Nazirliyi bildirib ki, təxminən 3 milyon ziyarətçi hotellərdə və ya qısamüddətli kirayə obyektlərində ən azı bir gecə qalıb. Daha 4,5 milyon nəfər isə ölkəyə gündəlik səfər edərək gecələmədən geri qayıdıb.
Turnirin keçirildiyi Mexiko, Qvadalaxara və Monterrey şəhərlərində hotellərin orta doluluq səviyyəsi 65 faizə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur. Oyun günlərində isə hotellərin doluluq göstəricisi 85-95 faiz arasında dəyişib, otaqların orta qiyməti isə 51,5 faiz artıb.