İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus olduğu bildirilən Küveyt, Bəhreyn və İordaniyadakı hərbi obyektlərə genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, "Tasnim", IRIB və "Mehr" agentliklərinin SEPAH-a istinadən yaydığı məlumatlara görə, əməliyyatlar raketlər və pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə bir neçə mərhələdə həyata keçirilib.
Bəyanatda qeyd olunub ki, ilk mərhələdə Bəhreyndə yerləşən Əs-Səxir hava limanında ABŞ hərbi qüvvələrinin PUA-larının saxlanıldığı və texniki xidmət göstərildiyi anqarlar hədəfə alınıb. Daha sonra Salman limanında yerləşən TF59 əməliyyat qrupuna aid katerlərin yerləşdirildiyi hazırlıq anqarlarına zərbələr endirildiyi iddia edilib.
SEPAH həmçinin Küveytdə yerləşən Ərifcan hərbi bazasında dəniz xüsusi təyinatlılarının təminatı və yerləşdirilməsi üçün istifadə olunan obyektlərin vurulduğunu açıqlayıb.
İran tərəfi əlavə olaraq İordaniyadakı "Muvaffaq Salti" aviabazasında ABŞ-nin taktiki döyüş aviasiyası qrupunun istifadə etdiyi obyektlərə də hücum təşkil edildiyini bildirib. Məlumata əsasən, nəticədə təyyarələr üçün nəzərdə tutulan bir neçə anqar dağıdılıb.
"Press TV" telekanalının yaydığı məlumata görə, SEPAH daha əvvəl İordaniyanın Əqəbə şəhərində yerləşən aerodroma zərbə endirərək ABŞ-yə məxsus "P-8A" kəşfiyyat təyyarəsini və "C-17" ağır hərbi nəqliyyat təyyarəsini məhv etdiyini də iddia edib.
Bununla yanaşı, SEPAH Küveytdə yerləşən və ABŞ qüvvələrinin istifadə etdiyi "Əli Əs-Salim" bazasındakı obyektlərin də raket və PUA hücumuna məruz qaldığını bildirib. İran tərəfinin açıqlamasına görə, hücum nəticəsində radiolokasiya aşkarlama sistemi sıradan çıxarılıb, aviasiya avadanlıqlarının saxlanıldığı anbar və "MQ-9" pilotsuz uçuş aparatlarının yerləşdiyi anqar vurulub. İddia edilir ki, zərbələrdən sonra bir neçə PUA yanaraq yararsız vəziyyətə düşüb.
SEPAH-ın əvvəlki açıqlamalarında isə İranın Kirmanşah əyalətinin İslamabad Qərb şəhəri üzərində ABŞ-yə məxsus "MQ-9" kəşfiyyat-zərbə pilotsuz uçuş aparatının vurulduğu, həmçinin İordaniyadakı hərbi bazada "P-8A" kəşfiyyat təyyarəsi və bir helikopterin məhv edildiyi bildirilib.