Fransa XİN rəhbəri: Xarici müdaxilə cəhdlərinə dözməyəcəyik
Fransanın xarici işlər naziri Jan-Noel Barro 2027-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi ölkəsinin xarici müdaxilə cəhdlərinə qarşı qəti mövqe sərgiləyəcəyini bildirib.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, nazir bununla bağlı X sosial şəbəkəsində paylaşım edib.
Jan-Noel Barro vurğulayıb ki, Fransa seçki prosesinə yönəlmiş heç bir xarici təsir və müdaxilə cəhdinə güzəşt etməyəcək.
Məlumata görə, son günlər prezidentliyə namizədlər Eduard Filip, Rafael Qlüksmann və Qabryel Attal Rusiyayönlü şəbəkələrlə əlaqələndirilən dezinformasiya kampaniyalarının hədəfinə çevriliblər.
Belə ki, Eduard Filipin səhhəti ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb, Rafael Qlüksmannın jurnalist həyat yoldaşının onun namizədliyini dəstəkləmək məqsədilə mediaya təsir göstərdiyi iddia olunub. Qabryel Attal haqqında isə parkinson xəstəliyindən əziyyət çəkdiyi barədə əsassız məlumatlar dövriyyəyə buraxılıb.
Fransa hakimiyyəti bu halların xaricdən koordinasiya olunan və seçki prosesinə təsir göstərməyə yönəlmiş informasiya manipulyasiyasının tərkib hissəsi olduğunu açıqlayıb.