Hindistanda imtahan materiallarının sızdırılması qalmaqalından sonra keçirilən kütləvi etiraz aksiyalarının dayandırılması barədə razılıq əldə olunub.
XeberHub.com xəbər verir ki, "Cockroach Janta Party" tələbə hərəkatının açıqlamasına görə, hökumətlə aparılan danışıqlar nəticəsində tərəflər razılığa gəlib və etirazçılara aksiyaları dayandıraraq evlərinə qayıtmaq çağırışı edilib.
Hərəkatın nümayəndəsi Aşutoş Ranka mətbuat konfransında bildirib ki, tələbələrin irəli sürdüyü əsas tələblər hökumət tərəfindən qəbul olunub.
Danışıqlarda iştirak edən Hindistanın səhiyyə naziri Caqat Prakaş Nadda da görüşün konstruktiv şəraitdə keçdiyini deyib. Onun sözlərinə görə, hökumət etirazlarla bağlı məhkəmə prosesləri, aksiya iştirakçılarına qarşı cəza tədbirlərinin tətbiq edilməməsi, kompensasiyaların ödənilməsi və digər məsələləri müzakirə edib.
Nazir bildirib ki, etirazçılara qarşı hüquqi sanksiyalar tətbiq olunmayacaq. O, həmçinin imtahan qalmaqalından sonra intihar edən tələbələrin ailələrinə qanunvericiliyin imkan verdiyi maksimum həcmdə kompensasiya ödəniləcəyini açıqlayıb.
Bundan əvvəl Hindistanın təhsil naziri Dharmendra Pradhan imtahan materiallarının sızdırılması ilə bağlı yaranan böhran fonunda istefa verdiyini açıqlamışdı. O, istefa ərizəsini Baş nazir Narendra Modiyə təqdim etdiyini bildirib.
Xatırladaq ki, iyulun 23-də Narendra Modi imtahan suallarının sızdırılmasına görə məsul şəxslərin operativ şəkildə mühakimə olunması məqsədilə ölkədə xüsusi məhkəmələrin yaradılacağını elan etmişdi. Həmçinin etiraz aksiyaları zamanı Nyu-Delhinin mərkəzi hissəsində mobil internet xidmətinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılmışdı.