İspaniyada geniş əraziləri əhatə edən meşə yanğınları səbəbindən hökumət ölkə səviyyəsində fövqəladə vəziyyət rejimi elan edib.
Xeberhub.com xəbər verir ki, "El Pais" nəşrinin yaydığı məlumata görə, fövqəladə vəziyyət Madrid vilayətinin qərb hissələrini və Avila əyalətini təhdid edən güclü meşə yanğınları ilə əlaqədar tətbiq olunub.
Rəsmi məlumatlara əsasən, yanğın təhlükəsi səbəbindən Madrid bölgəsində 10 mindən çox sakin təhlükəsiz ərazilərə təxliyə edilib. Alovun söndürülməsi və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün 270-dən artıq əməkdaş, 40-a yaxın xüsusi texnika və Hərbi Çevik Reaksiya Bölmələri (UME) səfərbər olunub.
Məlumata görə, ölkə üzrə ən yüksək səviyyəli fövqəladə vəziyyət rejiminin tətbiqi nadir hallarda baş verir. Sonuncu dəfə bu qərar 2025-ci ildə genişmiqyaslı elektrik enerjisi kəsintisi zamanı qəbul edilmişdi.
Hazırda İspaniyanın müxtəlif bölgələrində meşə yanğınları davam edir. Ən böyük yanğın ocaqlarından biri Madridin şimalında yerləşir və artıq 30 hektardan çox ərazini külə çevirib.
Yanğınların təsiri nəqliyyat infrastrukturuna da təsirsiz ötüşməyib. İyulun 23-dən etibarən Madrid və Barselona arasında fəaliyyət göstərən sürətli dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.