ISW: Rusiya ukraynalı hərbi əsirlərdən ibarət yeni döyüş briqadası formalaşdırıb
Rusiya Müdafiə Nazirliyinin ukraynalı hərbi əsirlər və tərəf dəyişdiyi iddia olunan ukraynalı hərbçilərdən ibarət yeni hərbi birlik yaratdığı bildirilir.
Xeberhub.com xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) dərc etdiyi hesabatda məlumat yayıb.
Hesabatda qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyi avqustun 6-da "Spetsnaz" adlı ukraynalı könüllü briqadasının yaradıldığını elan edib. Bildirilir ki, birliyin tərkibinə ukraynalı hərbi əsirlər, eləcə də Rusiya tərəfinə keçdiyi iddia olunan keçmiş Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri daxil edilib.
ISW-nin məlumatına görə, yeni briqada Maksim Krivonos və Aleksey Berest adına taborlar, həmçinin Aleksandr Matrosov, Martin Puşkar və Slobodskoy adına dəstələr də daxil olmaqla bir neçə qeyri-nizami "könüllü" bölmənin birləşdirilməsi nəticəsində formalaşdırılıb. Analitiklər bu qrupların əsasən ukraynalı hərbi əsirlərdən və ya Rusiya tərəfinə keçdiyi deyilən ukraynalı əsgərlərdən ibarət olduğunu bildiriblər.
Hesabatda bir rusiyalı hərbi bloqerin də yeni yaradılan briqadanın ukraynalı hərbi əsirlərdən təşkil olunduğunu təsdiqlədiyi vurğulanıb. ISW xatırladıb ki, Rusiyanın bu cür bölmələr formalaşdırması ilə bağlı ilk məlumatlar hələ 2022-ci ilin noyabrında qeydə alınıb.
Analitiklər qeyd ediblər ki, hərbi əsirlərin onları əsir götürən dövlətin silahlı qüvvələrinin tərkibində döyüş əməliyyatlarına cəlb olunması "Hərbi əsirlərlə rəftar haqqında" Cenevrə Konvensiyasının tələblərinə zidd hesab olunur. Sənədə əsasən, hərbi əsirlərin döyüş əməliyyatlarında iştirak etməyə məcbur edilməsi və təhlükəli işlərə cəlb olunması qadağandır.