Muğlada meşə yanğınları: 1100-dən çox insan təxliyə edilib
Türkiyənin məşhur turizm bölgələrindən biri olan Muğla vilayətində baş verən meşə yanğınları ciddi narahatlıq yaradıb. Vilayət ərazisində eyni vaxtda başlayan altı meşə yanğınından beşi söndürülsə də, Milas rayonunun Bozbük bölgəsində alovların qarşısını almaq hələ də mümkün olmayıb.
Güclü küləyin təsiri ilə sürətlə yayılan yanğın yaşayış məntəqələri və turizm obyektləri üçün təhlükə yaradıb. Riskin artması səbəbindən bölgədə fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirilib.
Rəsmi məlumata görə, Milasda yerləşən bir otel və bir böyük tətil kompleksi təxliyə olunub. Oteldən 350, tətil kompleksindən isə 770 nəfər olmaqla, ümumilikdə 1120 turist və sakin təhlükəsiz ərazilərə köçürülüb.
Yanğının söndürülməsi üçün quru və hava qüvvələrinin iştirakı ilə əməliyyatlar fasiləsiz davam etdirilir. Səlahiyyətli qurumlar alovun yaşayış məntəqələrinə yayılmasının qarşısını almaq üçün gecə-gündüz mübarizə apardıqlarını bildirirlər.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.