Xeberhub.com xəbər verir ki, TASS agentliyinin yaydığı məlumata görə, ABŞ Konqresi Senatının Ədliyyə Komitəsi Prezident Donald Trampın ölkənin ədliyyə naziri və baş prokuroru vəzifəsinə namizəd göstərdiyi Todd Blanşın təsdiqi ilə bağlı səsverməni qeyri-müəyyən müddətə təxirə salıb.
Məlumata əsasən, səsvermənin keçirilməsi üçün nəzərdə tutulan komitə iclası iyulun 30-da Bakı vaxtı ilə saat 17:00-a planlaşdırılmışdı. Lakin komitənin rəsmi səhifəsində görüşün təxirə salındığı bildirilib.
Xatırladaq ki, Donald Tramp Todd Blanşı bu ilin aprel ayında ABŞ Ədliyyə Nazirliyinin rəhbəri səlahiyyətlərini icra edən şəxs təyin etmişdi. İyun ayında isə onun namizədliyini daimi əsasda ölkənin ədliyyə naziri və baş prokuroru vəzifəsinə irəli sürüb.
Todd Blanşın vəzifəyə təsdiqlənməsi üçün əvvəlcə Senatın Ədliyyə Komitəsinin, daha sonra isə Senatın tam tərkibinin dəstəyi tələb olunur.
"The Hill" nəşrinin məlumatına görə, səsvermənin təxirə salınması komitədə təmsil olunan bir qrup respublikaçının təşəbbüsü ilə baş verib. Onlar Ağ Ev administrasiyasından, Donald Trampın iddialarına əsasən, Co Bayden administrasiyası dövründə səlahiyyətlərdən sui-istifadə nəticəsində zərər çəkən şəxslər üçün 1,8 milyard dollarlıq kompensasiya fondunun yaradılmayacağına dair yazılı təminat istəyiblər.
Respublikaçı senatorların bir qismi belə bir fondun vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilməsini məqsədəuyğun hesab etməyib.