ABŞ Prezidenti Donald Tramp Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulunda etdiyi çıxış zamanı həm siyasi rəqibləri, həm də gələcək planları ilə bağlı zarafatları ilə diqqət çəkib.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Tramp çıxışı zamanı 2020-ci il prezident seçkilərində Co Baydenə məğlub olmadığı fikrini bir daha təkrarlayıb və növbəti seçkilərlə bağlı yumoristik açıqlama verib.
ABŞ lideri zarafatla prezident postuna dördüncü dəfə namizəd olacağını söyləyib. O, bu sözlərdən sonra üzərində "Trump 2028" yazılmış beysbol papağını taxaraq zalda gülüş doğurub.
Tramp çıxışında demokrat konqresmen Adam Şiffi də hədəf alıb. O bildirib ki, Ağ Ev Jurnalistləri Assosiasiyası qala gecəsinə kloun dəvət etmək istəsə də, həmin axşam Adam Şiffin vaxtı olmayıb. Prezident daha sonra konqresmenin xarici görünüşü barədə də istehzalı fikirlər səsləndirib.
ABŞ Prezidenti səhiyyə naziri Robert Kennedi haqqında da zarafat edib. O, tədbirdə qonaqlara təqdim olunan mal ətinə işarə edərək, Bobbi Kennedinin guya həmin inəyi özü vurduğunu, parçaladığını və tədbirə gətirdiyini deyib. Tramp bunun zarafat olduğunu vurğulayan tərzdə çıxışını davam etdirib.
Qeyd edək ki, ABŞ-də prezidentlərin Ağ Evdə jurnalistlərlə keçirilən ənənəvi illik görüşlərdə yumoristik çıxış etməsi uzun illərdir davam edən ənənə hesab olunur.
Xatırladaq ki, Adam Şiff erməni lobbisinə yaxın siyasətçi kimi tanınır və Azərbaycanla bağlı məsələlərdə dəfələrlə qərəzli mövqeyi ilə gündəmə gəlib.