Türkiyəli nazir: Qlobal enerji sektoru mühüm transformasiya mərhələsindədir
Xeberhub.com xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüşdə qlobal enerji sektorunda baş verən dəyişikliklərdən danışıb.
Nazir bildirib ki, hazırda enerji sektoru mühüm transformasiya mərhələsindən keçir və enerji sistemləri getdikcə daha çox elektrik enerjisi mərkəzli xarakter alır.
Onun sözlərinə görə, sənaye, nəqliyyat, binalar və gündəlik həyatın müxtəlif sahələrində elektrik enerjisindən istifadənin artması tələbatı yüksəldir və elektrik sistemlərinin əhəmiyyətini daha da artırır.
Alparslan Bayraktar qeyd edib ki, enerji sektorundakı bu dəyişikliklər yalnız enerji istehsalının artırılmasını deyil, istehsal olunan enerjinin təhlükəsiz, dayanıqlı, sürətli və səmərəli şəkildə istehlakçılara çatdırılmasını da zəruri edir.
O vurğulayıb ki, güclü və bir-biri ilə əlaqəli elektrik sistemləri enerji təchizatının təhlükəsizliyini möhkəmləndirir, mövcud resurslardan daha səmərəli istifadə imkanları yaradır və bərpaolunan enerjinin sistemə inteqrasiyasını asanlaşdırır. Bununla yanaşı, belə bağlantılar ölkələr arasında yeni elektrik enerjisi ticarəti imkanlarının yaranmasına şərait yaradır.
Türkiyəli nazir interkonneksiyaların və ölkələr arasında elektrik enerjisi ticarətinin yalnız iki elektrik sistemi arasında bağlantı kimi qiymətləndirilməməli olduğunu bildirib.
Bayraktar Azərbaycanla birgə həyata keçirilən layihələrin ölkələrin enerji sistemlərini bir-birinə daha da yaxınlaşdıran strateji əməkdaşlığın mühüm hissəsi olduğunu qeyd edib.