Ağdaşda erkən nikahla bağlı çəkiliş aparan İTV əməkdaşlarına hücum edilib
Ağdaş rayonunda erkən nikahla bağlı çəkiliş aparan İctimai Televiziyanın (İTV) əməkdaşları hücuma məruz qalıblar.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, hadisə yetkinlik yaşına çatmayan qız üçün planlaşdırılan toy mərasimi ilə bağlı baş verib.
Məlumata əsasən, İTV Xəbərin çəkiliş qrupu hadisəni işıqlandırmaq məqsədilə əraziyə gedib. Bu zaman toy sahibləri çəkiliş qrupuna etiraz edərək jurnalistlərə qarşı zorakı hərəkətlər törədiblər.
Qeyd edək ki, yetkinlik yaşına çatmayan qızın toyunun keçiriləcəyi barədə daxil olan məlumat əsasında polis və aidiyyəti dövlət qurumları araşdırma aparıblar. Araşdırma zamanı qızın 17 yaşının tamam olmadığı müəyyən edilib.
Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları və digər məsul şəxslər hər iki ailənin valideynləri ilə izahedici söhbətlər apararaq erkən nikahın qanunvericiliyə zidd olduğunu bildiriblər. Görülən tədbirlər nəticəsində planlaşdırılan toy mərasimi təxirə salınıb.