aşayış və qeyri-yaşayış obyektləri üçün məcburi parklanma kvotaları təsdiqləndi
Azərbaycanda yaşayış və qeyri-yaşayış obyektləri üçün parklanma yerlərinin minimal sayına dair yeni məcburi kvotalar müəyyən edilib.
XeberHub.com xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Yeni qaydalara əsasən, tikinti obyektləri üçün nəzərdə tutulan parklanma yerlərinin sayı yaşayış məntəqəsinin əhalisindən asılı olaraq dəyişə bilər. Belə ki, əhalisi 50 min nəfərədək olan yaşayış məntəqələrində bu sayın 50 faiz, əhalisi 50-100 min nəfər arasında olan ərazilərdə isə 25 faiz azaldılmasına icazə veriləcək.
Qərara əsasən, minimal parklanma kvotaları kənd yaşayış məntəqələrinə (Abşeron rayonunun kəndləri istisna olmaqla) şamil olunmayacaq.
Sənəddə qeyd olunur ki, tikinti obyektləri üçün ayrılan parklanma yerləri yalnız həmin obyektlərin istifadəçilərinin nəqliyyat vasitələri üçün nəzərdə tutulur və başqa məqsədlərlə istifadəsinə icazə verilmir.
Yeni tələblərə görə, çoxmənzilli yaşayış binalarında yeraltı parklanma yerlərinin sayı ümumi parklanma yerlərinin ən azı 50 faizini təşkil etməlidir.
Bundan əlavə, metro, tramvay, şəhərətrafı dəmiryol stansiyaları və nəqliyyat mübadilə mərkəzlərinə piyada məsafəsi 400 metrdən çox olmadıqda (yaşayış binaları istisna olmaqla) parklanma yerlərinin sayının 30 faiz azaldılmasına icazə veriləcək.
Yeni qaydalarda elektrik avtomobilləri üçün də xüsusi tələblər müəyyənləşdirilib. Belə ki, parklanma yerlərinin sayı 50 və daha çox olan obyektlərdə həmin yerlərin ən azı 5 faizi elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma qurğuları ilə təmin edilməlidir.
Qərara əsasən:
- Çoxmənzilli yaşayış binalarında hər mənzil üçün 1 parklanma yeri, sahəsi 180 kvadratmetr və daha çox olan mənzillər üçün isə 1,3 yer nəzərdə tutulmalıdır;
- Fərdi yaşayış evlərinin hər biri üçün 1 parklanma yeri ayrılmalıdır.
Yeni minimal parklanma normalarına əsasən digər obyektlər üzrə tələblər belə müəyyənləşdirilib:
- Dövlət orqanlarının binaları – hər 75 kvadratmetr ümumi sahəyə 1 yer;
- Yerli özünüidarəetmə orqanlarının binaları – hər 100 kvadratmetr sahəyə 1 yer;
- Məktəbəqədər təhsil müəssisələri – hər 300 kvadratmetr sahəyə 1 yer;
- Xəstəxanalar – hər 5 çarpayıya 1 yer;
- Restoranlar – hər 50 kvadratmetr sahəyə 1 yer;
- Sərnişin vağzalları və limanlar – hər 10 sərnişinə 1 yer;
- Qəbiristanlıqlar – hər 1 hektar əraziyə 10 yer;
- Bazarlar və topdansatış mərkəzləri – hər 100 kvadratmetr sahəyə 3 yer;
- Şadlıq sarayları və mərasim zalları – hər 30 kvadratmetr sahəyə 1 yer;
- Dini ibadət yerləri – hər 100 kvadratmetr sahəyə 1 yer;
- Stadion və idman kompleksləri – hər 20 oturacağa 1 yer;
- Çimərlik və parklar – hər 100 ziyarətçiyə 15 yer.
Qaydalara əsasən, minik avtomobilləri üçün minimal parklanma ölçüsü 2,3 metr x 5 metr olaraq müəyyən edilib.
Həmçinin hava limanları, dəniz limanları və dəmiryol vağzalları yaxınlığında turist avtobusları üçün parklanma yerlərinin tutumu pik saatlarda hər 100 turistə 3-4 avtobus yeri norması ilə hesablanacaq.