SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

GL Group ABŞ-də tarixi sövdələşməyə imza atdı

👤 📅 👁 6 baxış ⏱ 3 dəq oxuma
GL Group ABŞ-də tarixi sövdələşməyə imza atdı

Xeberhub.com xəbər verir ki, "GL Group" ABŞ-nin Texas ştatında, Hyuston şəhəri yaxınlığındakı Midland bölgəsində yerləşən və hazırda istismarda olan dörd neft-qaz yatağında hasilat aktivlərinin satın alınmasını uğurla tamamladığını açıqlayıb.

Şirkətin yaydığı məlumata görə, satınalma paketinə 200-dən çox aktiv neft hasilatı quyusu daxildir. Bununla yanaşı, "GL Group" həmin yataqların tam operatorluğunu da rəsmi şəkildə öz üzərinə götürüb.

Bu sövdələşmə nəticəsində "GL Group" ABŞ-də fəaliyyət göstərən neft-qaz hasilatı aktivlərinə sahib olan və onları operator kimi idarə edən ilk Azərbaycan şirkətlər qrupu statusunu qazanıb. Şirkət bunu həm Azərbaycanın özəl enerji sektoru, həm də beynəlxalq fəaliyyətinin genişlənməsi baxımından mühüm mərhələ kimi qiymətləndirir.

Satın alınan yataqlar ABŞ-nin ən böyük neft və qaz hasilatı bölgəsi hesab edilən Perm hövzəsində yerləşir. Qərbi Texas və Nyu-Meksiko ştatının cənub-şərqini əhatə edən bu hövzə dünyanın ən mühüm quruda neft-qaz istehsalı mərkəzlərindən biri hesab olunur.

Şirkətin açıqlamasında qeyd edilir ki, Perm hövzəsində 2025-ci ildə gündəlik təxminən 6,6 milyon barel xam neft hasil edilib. Bu göstərici ABŞ üzrə ümumi neft hasilatının təxminən yarısını, qlobal neft hasilatının isə 8 faizdən çoxunu təşkil edir. Eyni zamanda, hövzədə gündəlik 27,6 milyard kubfut əmtəəlik təbii qaz istehsal olunub ki, bu da ABŞ qaz hasilatının 23 faizinə bərabərdir.

Bildirilib ki, bu satınalma "GL Group"un beynəlxalq inkişaf strategiyasının növbəti mərhələsidir. Şirkət ötən il Türkiyənin neft-qaz bazarına daxil olmuşdu və ABŞ-dəki yeni investisiyanın gələcək beynəlxalq layihələr üçün möhkəm baza yaradacağı vurğulanıb.

"GL Group"un baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib ki, ABŞ bazarına daxil olmaq şirkətin uzunmüddətli inkişaf strategiyasında mühüm addımdır.

Onun sözlərinə görə, Texasdakı aktivlərin alınması dünyanın ən rəqabətli enerji bazarlarından birində şirkətin mövqeyini gücləndirəcək və ABŞ-də gələcək genişlənmə üçün yeni imkanlar yaradacaq.

Qeyd edək ki, "GL Group" Azərbaycanda Salyan rayonundakı "Kürsəngi" və "Qarabağlı", Abşeron yarımadasındakı "Buzovna-Maştağa", "Qala" və "Zirə" yataqlarında fəaliyyət göstərir. Şirkət 2024-cü ildə Türkiyənin Trakya hövzəsində yerləşən qaz yatağı layihəsinə investisiya qoyaraq ilk beynəlxalq hasilat layihəsinə start verib.

A

Oxşar Xəbərlər